AnasayfaMVSAxtarQeydiyyatdan keçinİstifadəçi siyahısıİstifadəçi qruplarıGiriş

Payla |

Şeyx Məhəmməd Xiyabani

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek
MüəllifIsmarıc
nicatturksoy

İsmarıc sayı : 8
Registration date : 19/05/08

Yeni mövzuMövzu: Şeyx Məhəmməd Xiyabani   C.a. May 22, 2008 7:39 pm

İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və
siyasətçi Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri
yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki
məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı
Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din
elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi
Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq,
müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum,
heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında
mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim
olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz
əhalisinin hüsn - rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və
inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim
xan məscidində imam və vaiz olmuşdur.

Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq,
Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi:
"Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri
azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir.
1907-1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq recimi əleyhinə
hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə
aparmışdir. İctmaiyyun-amiyyun Sosial-demokrat partiyası onun elmi və
ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan
əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır
və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı
qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və
Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. O, Güney
Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik
recimi yaratmışdır. Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq
etdiyi demokrat recimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi
rifah və əmin-amanlıq görməmişdir.

İrandakı məşrutə reciminə bir neçə zərbələr endirilmişdir.
Birincisi, 1907-ci ildə məşrutə qanunu imzalandıqdan sonra
Müzəffərəddin şahın yerində oturan Məhəmmədəli Mirzə rus çar
hökumətinin köməyi ilə məşrutəni aradan aparmağa çalışdı. İkincisi, çar
hökuməti ilə İngiltərə arasında 1907-ci il müqaviləsi bağlandı. Bu
müqavilə üzrə İran iki nüfuz məntəqəsinə bölündü: şimalda Rusiya və
cənubda İngiltərə hökm sürdülər. Üçüncüsü, rus kazakı Lyaxov İran
Məclisini top atəşinə tutdu. Dördüncüsü, Məhəmmədəli Mirzə və daxili
irticanın təhriki ilə rus kazakları Təbrizdə ümumi qırğın və faciə
törətdilər. Beşincisi, çar hökuməti 1907-ci ildə bağladığı müqaviləni
İran hökumətinə qəbul etdirmək üçün ona ultimatum verdi. Xiyabani
Tehranın Səbzə meyddanında böyük mitinq təşkil edərək, müqavilə
bağlayan dövlətlər və onu qəbul edən İran hökumət başçıları haqqında
kəskin çıxışlar etdi. Tehranın polis başçısı Yeprem onu tutmaq istədisə
də tapa bilmədi. Xiyabani Tehrandan Məşhədə, oradan Aşqabad və Bakı
yolu ilə Mahaçqalaya getmiş, az müddətdən sonra Təbrizə qayıtmışdı.

Xiyabani 2-ci Məclis dövründə vəkil olduğu zaman Tehranda təşkil
edilmiş iran Demokrat Partiyasının üzvü olmuşdur. Xiyabani Təbrizə
qayıtdıqdan sonra Təbrizdə Güney Azərbaycan Demokrat Partiyasını təşkil
etmiş və gizli fəaliyyətə başlamışdır. 1917-ci ildə Rusiyada inqilab
olan zaman Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə başlamış,
1917-ci il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmiş və
aprelin 30-da Xiyabaninin "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk
məqaləsi çıxmışdır. Orada o deyirdi: "Artıq məşrutə qanunlarını icra
etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı". Xiyabaninin
2-ci məqaləsində deyilirdi: "Dünyada ən mürtəce və totalitar dövlət
olan çar rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına
alınmış məşrutə qanununu qoruyub icra etməlidir". Xiyabani məşrutə
qaqnununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi.
Uzunmüddətli böhrandan sonra üçüncü məclisə İranın digər nöqtələrindən
vəkillər seçilmiş, lakin Azərbaycanda hakim olan Eynüd Dövlə və mürtəce
dairələr seçkilərdə təxribat törədərək, seçki vərəqələrini cırmışdır.
Buna görə də Məclisin bu dövründə Azərbaycan vəkilləri iştirak etməmiş,
Məclisin 3-cü dövrü ancaq 39 gün davam edib, uzun sürən böhran dövrü
başlanmışdır. Xarici dövlətlərin əlaltısı olan Rzazadə kimi
provokatorlar məşrutə və Azərbaycan Demokrat Firqəsi ədeyhinə təşəbbüs
yeritməyə başladılar. 1918-ci ildə Azərbaycan Demokrat Firqəsi olduqca
mürəkkəb vəziyyətdə fəaliyyətini davam etdirdi. O zaman rus qoşunları
inqilab nəticəsində İrandan çıxarıldılar. Ruslar boşaldan yerləri
ingils qoşunları tutdular. Rzazadə kimi ingilis casusları Təbrizə
göndərildi. Digər tərəfdən, Almaniya ilə müttəfiq olan Osmanlı
dövlətinin qoşunları şimal-qərb tərəfdən Azərbaycana soxuldular. Bundan
əlavə, Ürmiyədə aşur və erməni silahlı dəstələri bütün şəhəri və bazarı
yandırdılar.

1919-cu ilin avqust ayında Xiyabani və sirdaşları: İsmayıl Növbəri,
Hacı Məhəmmədəli Badamçı Osmanlı qoşunları tərəfindən həbsə alındılar.
Bu qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə apardılar.
1919-cu ildə ingilislərlə Vüsuqüd dövlə arasında 1907-ci il
müqaviləsini əvəz edən bir müqavilə bağlandı. Azərbaycan Demokrat
Firqəsi bu müqavilə əleyhinə kəskin mübarizəyə başlayıb, bəyaniyyə nəşr
etdi. Bəyaniyyədə deyilirdi: "İran dövlət başçıları məşrutə qanunlarını
ləğv edirlər, xalqın tələbatını qəbul etmirlər". Bəyaniyyədə
xəbərdarlıq edilir ki, biz qiyam odunu bütün İranda alovlandıracağıq.
Azərbaycan Demokrat Firqəsi daha kəskin taktika qəbul edərək Tehran
hökumətinə qarşı daha ciddi mübarizəyə başladı. Nəticədə Tehrandan
Təbrizə göndərilmiş Biorink və yoldaşları geri qaytarıldı. Təbriz
hakiminin müavini Əminülmülk və maliyyə rəisi Tərcümanüddövlə
Azərbaycandan gedib, Demokrat Firqəsi tərəfindən inanılmış, pak
şəxsiyyət təyin edildi. 1920-ci ilin may ayında Təbrizdə Demokrat
Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə
imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha
gücləndirməyə çağırdılar. Bu mitinqdə iştirak edənlər təklif etdilər:
"Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl
olmuşdur. Bu münasibətə görə də onun Azərbaycan əyaləti yerinə
"Azadisitan" (azadlıq sevən) adlanması daha düzgündür". Bu təklif
mitinq iştrakçıları tərəfindən qəbul edilmişdir.

Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə:
Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayıldı.
1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli
hökumətin quruluşu haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani
milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı
kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış
ilk demokratik milli hökumət idi. " Azərbaycan" sözü yerinə bütün
lövhələrdə, dövlət vərəqələrində "Azadisitan əyaləti" yazıldı.
Xiyabaninin əleyhinə olan bir sıra şəxslər, o cümlədən doktor
Zenəlabidin xan, Mirzə Bağır Təliə, Hüseynağa Fişəngçi ("Təbriz"
qəzetinin redaktoru) , Sultanzadə və başqaları qiyam əleyhinə
fəaliyyətə başlayıb, gizlincə Eynüddövlənin yanına gedirdilər. Digər
bir dəstə isə alman "Kart Vispço" təşkilatının əlaltısı, "Klidi-nicat"
qəzetinin redaktoru Q.Rzazadənin rəhbərliyi ilə Sosial-demokrat
Partiyası ünvanı altında Azərbaycan Demokrat Partiyası əleyhinə
fəaliyyət göstərməyə başladı. Təbrizin vəziyyətini öyrənmək üçün buraya
gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla
söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşmuşdur.
Xiyabani demişdir: "Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan
əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və
əməldə məşturə recimini qoruyub, bütün ölkədə islahat aparılmasını
istəyir".

Ne mutlu tukum diyene!!!
sunny

Redaktə edən: nicatturksoy, son redaktə tarixi: C.a. May 22, 2008 7:44 pm, cəmi 1 dəfə
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax
nicatturksoy

İsmarıc sayı : 8
Registration date : 19/05/08

Yeni mövzuMövzu: Şeyx Məhəmməd Xiyabani2.   C.a. May 22, 2008 7:42 pm

Qeyd etmək lazımdır ki, 1941-ci ildə "Azərbaycan Jəmiyyəti"nin və
1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin də istədiyi bundan ibarət
idi. Azərbaycan Demokrat Firqəsi məşrutə qanununda qeyd edilmiş əyalət,
vilayət, şəhər və kənd əncümənlərini həyata keçirmək və İran
çərçivəsində muxtariyyət əldə etməyi qarşısına məqsəd qoymuş, qiyam
qələbə çaldıqdan sonra gələcəkdə İranın respublika və Azərbaycanın İran
daxilində müxtar ərazi olması fikrini irəli sürmüşdür. Xiyabani 1919-cu
ilin sentyabrında demişdir: "Biz istəyirik ki, ölkədə həqiqi millət
hökm sürsün, müəssisələr və idarələr milli olsun". O demişdir: "Hələlik
bizdə məşrutə recimi vardır. Bu məşrutə recimini həyata keçirmək ilk
addımdır ki, biz atmalıyıq. Biz sözü işə çevirməliyik, məşrutəni
dilimizdə yox, bütün idarələrimizdə yerləşdirməliyik. Biz Təbriz
şəhərindən başlayaraq tədricən bütün İranda arzularımızı yerinə
yetirəcəyik".

Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə
Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: candarm
təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı.
Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin
etdi. "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açdı.
Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi.
Bakıdan "İttihadiyyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı.
Məktəblərdə fars dilni Azərbaycan dilində öyrənməyə göstəriş verdi.
Tehrandan göndərilmiş maliyyə rəiisi və hakim müavini Tehrana
qaytarılıb, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın
bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər
Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək
dərəcədə olan əmin- amanlıq haqqında danışırdılar. Bütün idarə işləri,
nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd
Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və
rifahla yaşaması uğrunda canını qurban verdi.

Şeyx Məhəmməd Xiyabaninin ölümü haqqındda onun ən yaxın dostu Hacı
Şeyx Həsənəli Miyanəcinin nəvəsi belə nağıl edirdi: "Müxbirüssəltənə
qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi
Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi)
və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr
etmiş və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi
istəmişdir. Onlar belə bir vaxtdan istifadə etmişlər ki, candarm və
hərbi qüvvələrin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdir
və Təbrizdə hərbi qüvvələr yoxdur. Kazaklar Alaqapıya hücum etdikdə
Xiyabani gizlənməyə məcbur olmuş və evinə gəlmişdir. Xiyabaninin yaxın
dostlarından biri Sərtibzadə "mən gəlməyincə evdən çıxma" demişdir.
Lakin o gəlməmişdir. Xiyabani dörd saat evdə gözlədikdən sonra evdən
getməyi qərara almışdır". Şeyx Miyanəcinin nəvəsi deyir: Xiyabani bizim
evə gəldikdə nağıl etdi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu,
yoxsa mən dörd saatda şəhərdən çıxardım. Xiyabani dedi ki, mən çarəni
bunda gördüm ki, evin damına çıxıb, dal küçəyə düşəm. Həyat yoldaşım
tüfəngimi və bir qatar patronu damdan mənə atdı və sizə gəldim.

Şeyx Miyanəcinin nəvəsi deyir: "Mənim babam onu hörmət və
mehribanlıqla qəbul etdi. Sonra babam Xiyabaniyə dedi: "İcazə verin,
mən Muxbirüssəltənənin yanına gedib, Sizə əmniyyət tələb edim".
Xiyabani dedi: "Yox, sən çox yüksək mərtəbəli şəxsiyyətsən, o, çox
kiiçikdir. Yaraşmaz ki, onun yaanına gedib, xahiş edəsən". Babam bir
neçə dəfə israr etdikdə o, ayağa durub dedi: "Mən sizi narahat edirəmsə
gedərəm". Babam onu qucaqlayıb öpdü və oturtdu. Xiyabani dedi: "Arxayın
ol, mən sənin evində güllə atmayacağam". Sonra Xiyabani Muxbirüssəltənə
haqqında danışaraq dedi: "Bu vicdansız həmməsləkə, qonaqsatana mən bir
çox təkliflər etdim, o qəbul etmədi. Heç vaxt inana bilməzdim ki, mənim
məsləkdaşım belə bir xəyanət etsin. Azərbaycan demokratları həmişə onu
müdafiə edərdi və Tehran Dövləti qarşısında deyərdilər ki, qanuni
hökumət istəyirsinizsə onu Azərbaycana göndərin". (Muxbirüssəltənə İran
Demokrat Firqəsinin üzvü idi). Sonra Xiyabani dedi: "İndi Əli
əleyhissəlamın sözünü başa düşürəm. O deyərdi: "Yaxşılıq etdiyin adamın
şərindən özünü qoru!". Xiyabani hirslənərək artırdı: "Mən düşmən
qarşısında diz çöküb təslim olmaram. Mən məşrutə övladıyam, mən Babək
nəslindənəm". Şeyx Həsənəlinin nəvəsi deyirdi: "O gecə Xiyabani bizdə
qaldı, o, zirzəmidə yatdı. Sabahısı gün günortadan sonra kazaklar bizim
evə hücum etdilər, zirzəminin pəncərəsindən onu gördülər; o, yataq
paltarında idi. O, silahla özünü müdafiə edə bilərdi. İsmayıl kazak
pəncərədən ona bir neçə güllə vurdu. Xiyabani qan içində yıxıldı.
İsmayıl kazak zirzəmiyə soxulub, Xiyabaninin qoluna qılıncla zərbə
endirdi. Xiyabani düşüb şəhid oldu.

Kazaklar Xiyabaninin cəsədini bir nərdivan üstə qoyub, şənliklə
Muxbirüssəltənənin yanına apardılar. O: "aparın, bir yerdə basdırın" -
dedi. Azərbaycanın bu böyük şəxsiyyətini belə bir hörmətsizliklə
Təbrizin Seyid Həmzə qəbristanında dəfn etdilər. Xiyabaniniin
Azərbaycanda rəhbərlik etdiyi demokratik hərəkatın böyük əhəmiyyəti
vardır. O, az müddət davam etdisə də ilk dəfə olaraq Təbrizdə
demokratik milli recim yaratdı. O, qəhrəmanlıq və qorxmazlıqda, xalq,
vətən uğrunda fədakar olmaqda gələcək nəsillərə örnək oldu. Xiyabani
həqiqi demokratiya tərəfdarı idi, hakimiyyətin bir sinif əlində
olmasının əleyhinə idi, eyni zamanda kənd zəhmətkeşlərini istismar edən
böyük mülkədarların və başqalarının hesabına varlanan böyük tacirlərin
də ziddinə idi. Xiyabani deyirdi: "Əsrimizdə qəbul edilmiş fəlsəfə
bundan ibarətdir ki, hər xalq özü özünü idarə etməlidir. Lakin Tehran
bunu dərk etmir, ya da dərk etmək istəmir". Xiyabani həyatı sevmək və
gələcəyə ümid etmək haqqında deyirdi: "İstərsənsə həyat səni sevsin,
sən həyatı sevməlisən. İnsan elə yaşamalıdır ki, sanki ölməyəcəkdir".
Xiyabani İranda əyalətlərin bir mərkəz vasitəsilə idarə lolunmasının
əleyhinə olaraq, ölkənin böhranlı, fəlakətli vəziyyətə düşməsini də
bunda görürdü. O deyirdi: "Məşrutə konstitusiyası 14 il bundan əvvəl
bütün əyalətlərə, vilayətlərə, şəhərlərə və kəndlərə özünüidarə hüququ
vermişdir. Lakin indiyədək bu qanun həyata keçirilməmişdir. Ölkəni bu
vəziyyətdən qurtaran da olmamışdır". Xiyabani rəhbərin xalq qarşısında
açıq olması haqqında deyirdi: "Biz xalqla diplomatik dillə yox, açıq
danışmalı, heç şeyi ondan gizlətməməliyik. Biz dostla düşməni
tanımalıyıq, çünki yalançı dost düşməndən daha pisdir. Bir sıra dostlar
özlərini azadlıq, demokratiya tərəfdarı göstərmək istəyirlərsə, onlar
düşməndirlər və fürsət tapdıqda arxadan xəncər vurarlar".

Xiyabani deyirdi: "Yad qüvvələrə arxayın olun, ancaq öz qüvvənizə
güvənin. Xarici dövlətin əlaltısı olmayın, çünki onlar ancaq öz
mənafeyi üçün çalışırlar". O dönə-dönə deyirdi: "Şərafətlə, namusla
ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır". Xiyabani şərafətli ölümü ilə
dediyinə sadiq olduğunu göstərdi. Şeyx Məhəmməd Xiyabani öz mübarizə
dövründə bir çox böhranlarla üz-üzə gəlmiş, töhmətlərə məruz olmuşdur.
Tehranda nəşr edilən "İran" qəzeti Xiyabaninin 2-ci qiyamı haqqında
yazırdı: "Ey azərbaycanlı, qorxuram öz Kəbənə çatmayasan, bu yol ki
gedirsən, səni Türküstana çıxarar". Qəzet bununla demək istəyir ki,
Xiyabani Rusiya inqilabı təsiri altına düşərək, Azərbaycanda sovet
respublikasına oxşar bir respublika yaratmaq istəyir. Xiyabani "İran"
qəzetinə kəskin cavab verərək demişqdir: "Bizim Kəbəmiz Türküstan yox,
öz vətənimizdir". Digər tərəfdən, Xiyabani xarici agentlərin də
cürbəcür töhmətlərinə məruz qalmışdır. O cümlədən məşrutə inqilabı,
eləcə də 1941-46-cı il inqilabi hərəkatı dövrlərində xarici dövlətlərin
agenti olan "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadə yazırdı:
"Xiyabani ingilislərdən altmış min tümən pul almışdır ki, İran
Məclisində 1919-cı il İran-İngiltərə müqaviləsinə səs versin".
Muxbirüssəltənə Təbrizə gəldikdə Xiyabanini biabır etmək məqsədilə o da
qəzet müxbirləri qarşısında həmin töhməti təkrar etmişdir. Burada qeyd
etmək lazımdır ki, Xiyabaninin ictimai, siyasi, fəlsəfi görüşləri
layiqincə öyrənilməmiş və təhlil edilməmişdir.

Ne mutlu tukum diyene!!!
Əvvələ qayıt Aaa gitmek
İstifadəçi mə`lumatlarına bax

Şeyx Məhəmməd Xiyabani
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun msaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
:: Forum kategoriyalari :: Dahilər-
Keç: